“əhalidən yığılan əmlak vergisi ilə bağlı vəziyyət qənaətbəxş deyil”. Bu fikirləri belediyye.info saytına açıqlamasında Bülbülə qəsəbə Bələdiyyəsinin sədri Natiq Həsənov deyib. O, əmlak vergisinin toplanması ilə bağlı müvafiq qanunvericiliyə edilən əlavə dəyişiklərdən sonrakı vəziyyət barədə məlumat verib: “əvvəllər, məsələn, 15 manat əmlak vergisi var idisə, onu hissə-hissə ala bilirdik. Lakin bələdiyyə qanunvericiliyinə edilən son dəyişikliklərdən sonra əmlak vergisini ödəmək üçün vətəndaşlara bildiriş təqdim edirik. Buna baxmayaraq, onlar ödəməni ləngidirlər və yenidən biz onlara telefon və ya evlərinə gedərək vergini ödəmək üçün müraciət etdikdə vətəndaşlar “bildirişi vermisiz, bizi narahat etməyin, imkan olanda ödəyəcəyik” deyirlər”.
N.Həsənovun sözlərinə görə, son 4 ay ərzində bələdiyyəyə təxminən 14 min manata yaxın vətəndaşlar tərəfindən əmlak vergisi ödənilib. Bülbülə Bələdiyyəsinin sədri qeyd edib ki, ərazidəki əmlakın qeydiyyatı davam edir: “Biz qeydiyyatı öz inzibati ərazimiz daxilində aparırıq. inzibati əraziyə daxil olmayan ərazilər var ki, onlar heç qeydiyyata dayanmayıblar. Bu kimi obyektlərin bizə əmlak vergisi verməsi ilə bağlı nə isə deməyə qanunla səlahiyyətimiz yoxdur. Bu baxımdan Bülbülədə vəziyyət çox pisdir. Bizim ərazimizdəki mənzillərin 70-80 faiz sənədsizdir. Ona görə də bizim bələdiyyə çox yaxşı durumda deyil”.
Bələdiyyə sədri bildirib ki, vətəndaşlar qanunlara riayət etsə, ilin sonuna qədər əmlak vergisinin toplanması ilə bağlı vəziyyət normallaşa bilər: “Bələdiyyə tərəfindən də bununla bağlı vətəndaşlar arasında maarifləndirmə işi aparılır. Amma bu maarifləndirmə işləri televiziyalar vasitəsilə aparılsa, təbliğat məsələsində müvafiq qurumlar əməli işə keçsələr, əlbəttə ki, irəliləyiş əldə olunacaqdır”.
Bəxtiyar Məmmədli